Ministry of Agriculture of Azerbaijan Republic

04/02/2026 | Press release | Distributed by Public on 04/02/2026 06:58

Ötən həftə güclü yağış səbəbindən Aqrar Sığorta Fonduna müraciətlər artıb

Ötən həftə güclü yağış səbəbindən Aqrar Sığorta Fonduna müraciətlər artıb

Bu gündən əkin sahələrinə dəyən zərərin qiymətləndirilməsinə başlanılıb

Ölkə ərazisində ötən həftə müşahidə olunan qeyri-sabit hava şəraiti, güclü yağışlar və normadan artıq yağıntılar digər sahələrə olduğu kimi kənd təsərrüfatına da təsir edib. Aqrar Sığorta Fondunun məlumatına görə, güclü yağış, çay daşqınları və sel səbəbindən bəzi ərazilərdə əkin sahələrini su basıb, təsərrüfatlara ziyan dəyib. Bununla əlaqədar sığortalı fermerlərin Aqrar Sığorta Fonduna müraciətləri artıb. Müraciətlərə əsasən subasma halları tarla bitkiləri ilə yanaşı, meyvə bağlarında da baş verib. Təsərrüfatlara zərər dəyməsi ilə bağlı əsas müraciətlər Quba-Xaçmaz, Dağlıq Şirvan, Şirvan-Salyan və Qarabağ regionlarında qeydə alınıb.

Son məlumatlara görə, güclü yağış nəticəsində ən çox zərər hadisələri Xaçmaz və Şabran rayonlarında baş verib. Belə ki, Xaçmaz rayonunda güclü yağışlar nəticəsində Ağçay çayının və digər kiçik çayların daşması səbəbindən rayonun İstisu qəsəbəsi, Əhmədoba, Hacıəhmədoba, Qaracəlli, Keymərəz, Niyazoba, Qaraqurdlu, Çığatay, Hacılar və Qarqan kəndlərində sığortalı payızlıq arpa, buğda sahələrini, badam, armud və heyva bağlarını su basıb. Bəzi əkin sahələri lillə örtülüb, fermerlərin müraciətinə əsasən bəzi əkin sahələrində suyun hündürlüyü 60 santimetrə çatıb. Şabran rayonunda isə güclü yağışlar nəticəsində Dəvəçi və Şabran çaylarının, eləcə də bəzi kanalların daşması səbəbindən rayonun Liman, Udulu Ağalıq və Gəndov kəndlərində sığortalanmış payızlıq arpa sahələrini və gilas bağını su basıb.

Qusar rayonunda Buxur kəndindən gələn çayın daşması nəticəsində Çubuqlu kəndində arpa sahəsini, Yasab çayının daşması nəticəsində isə Yasab kəndində sığortalanmış buğda sahəsini su basıb. Güclü yağışlar nəticəsində Quba rayonunda Quruçay daşaraq Aşağı Xuc kəndində alma bağını, Siyəzən rayonunun Balaca Həmyə və Qalaşıxı kəndində isə intensiv və güclü yağışlar nəticəsində payızlıq arpa sahələrini su basıb. Dağlıq Şirvan regionundan Fonda daxil olan əsas müraciətlər Ağsu rayonunun payına düşüb. Belə ki, rayonun Rəhimağalı və Muradlı kəndlərində dağdan gələn sel suları nəticəsində sığortalı badam bağlarını və buğda sahələrini su basıb. Şamaxı rayonunda Ağsu çayının daşması nəticəsində Çuxuryurd kəndində, Qobustan rayonunun isə Dərəkənd kəndində normadan artıq yağan yağış nəticəsində arpa sahələrində subasma baş verib. Eyni zamanda, Aqrar Sığorta Fonduna daxil olan müraciətlərə əsasən, Hacıqabul rayonu Qızılburun kəndi, Pirsaat çayının daşması nəticəsində arpa sahəsini su basıb. Ağcabədi rayonunda isə alma bağı qasırğa və güclü yağış səbəbindən zərər çəkib.

Ümumilikdə son günlər güclü yağış səbəbindən 2100 hektara yaxın əkin sahəsinə zərər dəyməsi barədə müraciətlər qeydə alınıb. Sığortalı fermerlərin artan müraciətlərinin qeydə alınması məqsədilə güclü yağış davam edən dövrdə, istirahət günü olmasına baxmayaraq Aqrar Sığorta Fondunun 1651 Çağrı Mərkəzi gücləndirilmiş rejimdə fasiləsiz fəaliyyət göstərib.

Fermerlərdən Aqrar Sığorta Fonduna daxil olan bütün müraciətlər qeydə alınıb, ərazilərə baxış keçirilməsi, hadisələrin araşdırılması və zərərin qiymətləndirilməsi məqsədilə bölgələrə aqrar sığorta ekspertləri yönəldilib. Aprelin 2-dən etibarən bölgələrdə subasma baş vermiş əkin sahələrində müstəqil ekspertlər tərəfindən zərərin qiymətləndirilməsi prosesinə başlanılıb.

Aqrar Sığorta Fondu hadisə baş vermiş ərazilərdə zərərin vaxtında qiymətləndirilməsi üçün sığortalı fermerləri öz əkin sahələrini baş çəkməyə, hər hansı hadisə müşahidə etdikdə, bu barədə Fondun 1651 Çağrı Mərkəzinə müraciət etməyə çağırır.

Xatırladaq ki, Azərbaycanda dövlət dəstəyi ilə təqdim olunan aqrar sığorta mexanizmi 41 bitki və bitki məhsulunu çoxsaylı risklərdən qoruyur. Bura dolu, fırtına-qasırğa, sel-subasma, leysan, şaxtavurma, normadan artıq qar yağması, yanğın, torpaq sürüşməsi, 3-cü şəxsin hərəkəti və sair hallar aiddir. Əkin sahələrini sığorta edərkən sığorta haqqının 50%-ni dövlət ödəyir, nəticədə fermerlər cüzi ödəniş etməklə əkin sahələrini sığorta edə bilirlər. Məsələn, hazırda subasma halları ilə bağlı ən çox müraciətlərin daxil olduğu Quba-Xaçmaz bölgəsində 1000 manatlıq məhsul olan 1 hektar buğda sahəsinin sığortalanması fermerə cəmi 6,65 manata, arpa sahəsinin sığortası isə cəmi 8,05 manata başa gəlir. Subasma hallarının baş verdiyi Dağlıq Şirvan bölgəsində isə 1000 manatlıq məhsul olan 1 hektar buğda sahəsinin sığortalanması fermerə cəmi 10,80 manata, arpa sahəsinin sığortası isə cəmi 13,65 manata başa gəlir. Aqrar Sığorta Fondu əkin sahələrinin çoxsaylı risklərdən qorunması üçün fermerləri sərfəli dövlət sığortasından istifadə etməyə və əkin sahələrini sığortalamağa çağırır. Qeyd edək ki, sığortalanma prosesini asanlaşdırmaq üçün fermerlərin sığorta ödənişini "AsanPay" sistemi vasitəsilə, mobil telefonla ödəməsi imkanı yaradılıb.

Aqrar sığortanın əhatə etdiyi məhsullarının sığorta şərtləri və tarifləri ilə Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində «Bitkiçilik məhsulları»bölməsində ətraflı tanış olmaq, sığorta haqqını isə «Bitkiçilik kalkulyatoru»vasitəsilə hesablamaq mümkündür. Əlavə məlumatları ASF-nin sosial şəbəkə hesablarını izləməklə və 1651 nömrəsi ilə əlaqə saxlamaqla əldə etmək olar.

Tarix: 02 Aprel 2026
Paylaşmaq:
Ministry of Agriculture of Azerbaijan Republic published this content on April 02, 2026, and is solely responsible for the information contained herein. Distributed via Public Technologies (PUBT), unedited and unaltered, on April 02, 2026 at 12:59 UTC. If you believe the information included in the content is inaccurate or outdated and requires editing or removal, please contact us at [email protected]