Ministry of Agriculture of Azerbaijan Republic

09/11/2025 | Press release | Distributed by Public on 09/11/2025 07:21

Bakıda II Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı çərçivəsində panel müzakirələr keçirilir

Bakıda II Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı çərçivəsində panel müzakirələr keçirilir

Bakıda təşkil olunan II Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı - "Baku Water Week" çərçivəsində panel müzakirələr keçirilir. Panel müzakirələrdə dövlət qurumlarının nümayəndələri, yerli və xarici ekspertlər, özəl şirkətlərin nümayəndələri, ali təhsil və elmi-tədqiqat müəssisələrinin təmsilçiləri iştirak ediblər.

"Su idarəetməsində liderlik: Regional və qlobal perspektivlər" adlı panel müzakirələrdə çıxış edən Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov bildirib ki, Azərbaycanın su siyasəti strateji prinsiplərə əsaslanır və qəbul olunmuş Milli Su Strategiyası yaxın onilliklər üçün aydın hədəflər müəyyənləşdirir. Onun sözlərinə görə, Milli Su Strategiyası su ehtiyatlarının ədalətli və rasional idarə edilməsini, infrastrukturun müasirləşdirilməsini, rəqəmsal texnologiyaların tətbiqini, alternativ və dayanıqlı su mənbələrinin inkişafını, həmçinin elm, innovasiya və beynəlxalq əməkdaşlığın gücləndirilməsini nəzərdə tutur.

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov çıxışında su ehtiyatlarından səmərəli istifadənin vacibliyinə toxunub. Nazir Məcnun Məmmədov bildirib ki, iqlim dəyişkənliyinin kənd təsərrüfatına mənfi təsirini azaltmaq, su və torpaq resurslarından daha səmərəli istifadə etmək üçün təsərrüfatlarda müasir suvarma sistemlərinin tətbiqi genişləndirilir: "Dövlət tərəfindən müasir suvarma avadanlıqlarının dəyərinin 40 faizi subsidiyalaşdırılır, bu avadanlıqlar əlavə dəyər vergisindən azaddır. Bu ildən isə müasir suvarma sistemləri vasitəsilə suvarma aparılan əkin sahələrinə görə fermerlərə 60 manat əlavə subsidiya ödənilir".

Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev vurğulayıb ki, iqlim dəyişikliyi fonunda su ehtiyatlarından səmərəli istifadə xüsusi əhəmiyyət kəsb edir: "İqlim dəyişikliyi və orta temperaturun artması dünyada olan su resurslarının yığılmasına və istifadəsinə çox böyük təsir göstərir. Bu gün həmin təsirlər buzlaqların əriməsinə, qar ehtiyatlarının azalmasına gətirib çıxarır. Hazırda bütün dünyada bu proses müşahidə olunur. Əfsuslar olsun ki, Azərbaycanda da buzlaqların əriməsini və qar ehtiyatlarının azalmasını müşahidə edirik".

Tədbirdə çıxış edən Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin birinci müavini Xəyyam Məmmədov qeyd edib ki, su resurslarının qorunması və səmərəli istifadəsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir: "Ölkəmizdə aparılan genişmiqyaslı islahatlar və layihələr məhz bu məqsədə xidmət edir. Lakin su qıtlığı və iqlim dəyişikliyi kimi çağırışlar yalnız bir ölkənin imkanları ilə həll edilə bilməz. Ona görə də əməkdaşlıq, təcrübə mübadiləsi və birgə təşəbbüslər xüsusi önəm daşıyır. Bu konfrans da məhz belə bir platformadır. Burada səslənən ideyalar və irəli sürülən təkliflər gələcək addımlarımıza istiqamət verəcək".

Panel müzakirələr sual-cavab formatında davam etdirilib, mütəxəssislər su çatışmazlığı problemləri, su idarəçiliyinin səmərəliliyinin artırılması ilə bağlı fikirlərini bölüşüblər.

[Link] [Link] [Link] [Link] [Link] [Link]
Tarix: 11 Sentyabr 2025
Paylaşmaq:
Ministry of Agriculture of Azerbaijan Republic published this content on September 11, 2025, and is solely responsible for the information contained herein. Distributed via Public Technologies (PUBT), unedited and unaltered, on September 11, 2025 at 13:21 UTC. If you believe the information included in the content is inaccurate or outdated and requires editing or removal, please contact us at [email protected]