Ministry of Agriculture of Azerbaijan Republic

04/03/2026 | Press release | Distributed by Public on 04/03/2026 07:38

Çoxsaylı subasma hadisələri baş vermiş Şabranda fermerlərlə görüş keçirilib

Çoxsaylı subasma hadisələri baş vermiş Şabranda fermerlərlə görüş keçirilib

Ötən həftə güclü yağışlar nəticəsində çoxsaylı sel-subasma hadisələrinin qeydə alındığı rayonlardan biri olan Şabranda fermer və təsərrüfat sahibləri ilə görüş keçirilib.

Görüşdə çıxış edən Şabran Rayon İcra Hakimiyyəti başçısının müavini Natavan Mustafayeva rayonun kənd təsərrüfatı imkanları, baş verən daşqın hallarının təsərrüfatlara təsiri və onların aradan qaldırılması üçün görülən işlər barədə məlumat verib. Eyni zamanda, yerli fermerləri belə risklərdən qorunmaq üçün əkin sahələrini sığortalamağa çağırıb.

Aqrar Sığorta Fondunun İdarə Heyətinin üzvü Roman Əmircanov aqrar sığorta mexanizmi və Fondun fəaliyyəti barədə görüş iştirakçılarına ətraflı məlumat verib. Bildirib ki, Fond bitkiçilik, heyvandarlıq və balıqçılıq təsərrüfatlarını sığortalayır. Fermerlərə dəstək məqsədilə sığorta haqqının yarısını dövlət ödəyir, nəticədə cüzi məbləğlə təsərrüfatları və əkin sahələrini sığortalamaq mümkündür. İdarə Heyətinin üzvü bildirib ki, indiyədək Şabran rayonunda baş vermiş hadisələr və əkin sahələrinə dəymiş zərərlər üzrə 99 min manat sığorta ödənişi həyata keçirilib. Sığorta ödənişləri buğda və arpa sahələri, eləcə də badam bağlarında dolu, sel-subasma, şaxtavurma, üçüncü şəxsin hərəkəti, vəhşi heyvanların hücumu və yanğın halları üzrə edilib.

Şabran Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) direktoru Arzu Hüseynov rayonda iqlim şəraitinin mürəkkəb olduğunu, təbiət hadisələrinin tez-tez baş verdiyini xatırladaraq bu hallardan qorunmaq üçün aqrar sığortadan istifadənin vacibliyini qeyd edib. DAİM rəhbəri fermerləri təsərrüfatlarını risklərdən sığortalamağa çağırıb.

Daha sonra Aqrar Sığorta Fondunun məhsulları ilə bağlı geniş təqdimat edilib. Bildirilib ki, aqrar sığorta ilə 41 növ bitkini, eləcə də iri və xırda buynuzlu heyvanları sığortalamaq mümkündür. Görüşdə fermerlərin maraqlandıran suallar ətraflı cavablandırılıb.

Tədbirdən sonra Aqrar Sığorta Fondunun nümayəndələri Şabran rayonunun Udulu kəndində güclü yağışlar nəticəsində sel-subasma hadisəsi baş vermiş arpa-bağda əkini sahəsinə baxış keçirib. Əkin sahəsi sığortalı olduğuna görə, buraya aqrar sığorta ekspertləri göndəriləcək və zərər qiymətləndiriləcək.

Aqrar Sığorta Fondu fermer və təsərrüfat sahiblərini dövlətin dəstəyindən faydalanmağa və əkin sahələrini vaxtında sığortalamağa çağırır.

Tarix: 03 Aprel 2026
Paylaşmaq:
Ministry of Agriculture of Azerbaijan Republic published this content on April 03, 2026, and is solely responsible for the information contained herein. Distributed via Public Technologies (PUBT), unedited and unaltered, on April 03, 2026 at 13:38 UTC. If you believe the information included in the content is inaccurate or outdated and requires editing or removal, please contact us at [email protected]